Baş Güneyə qayıdışdan təəssüratlar| “Darıxma, gələcəyəm, həm də ən qısa zamanda” – Daşqın Güneyli yazır (FOTOLAR)

2024/03/21-1711793328.jpg
Oxunub: 1070     14:37     30 Mart 2024    
Ağdərədəyik. Şəhəri demək olar ki, küçəbəküçə gəzirik. Hər yanda köhnəlik mənzərəsi var. Büruzə verməsəm də daxilimdə olan bir hiss məni tələsməyə vadar edir. Lakin həmkarlarımı tələsdirmirəm. Daxili hisslərimə hakim olub, ən azından onlara Ağdərə şəhərində olan yerləri bir-bir göstərmək, tanıdığım məkanlarla bağlı ətraflı məlumat verməyə çalışıram.

Günorta saatlarına az qalıb. Ağdərə şəhərindən çıxıb üzü dağların qoynundan keçib, Xankəndinə doğru gedən yola üz tuturuq. Rayon mərkəzindən elə də uzaq olmayan Orta Kənd kəndinə daxil oluruq. Yolun solunda soyuq suyu ilə seçilən, bir vaxtlar ətrafı insanlarla dolub-daşan bulağa enirik. Məqsədimiz burada nahar edib sonradan yolumuza davam etməkdir. Maraqlıdır, bir vaxtlar bol suyu ilə seçilən bulaqdakı su indi tamamilə quruyub. Geri dönüb yolumuza davam edirik.


Orta Kənd kəndini çıxandan sonra illər öncə getdiyimiz yola çönmək istəyirik. Amma yolun ortasında olan kollar bu yolun uzun müddətdir ki, işləmədiyini deməyə əsas verir. Bir az dayanıb gözləyirik. Qarşıdan gələn avtomobil yanımızda saxlayır, gedəcəyimiz ünvanı eşitdikdə onların gəldiyi yolla davam etməyimizi bildirir. Bəli, məlum olur ki, bir vaxtlar “Cökə daşın düzü” adlanan ərazidən keçib Canyataq kəndinə gedən yolun istiqaməti dəyişib. İndi getdiyimiz yol dağların arxasından keçərək əvvəl Gülyataq kəndindən keçib Canyataq kəndinə keçmiş yola daxil olur. Maşınımız sürətlə irəli gedir. Yolun sol kənarı ilə çəkilən tikanlı məftil səddi bizi təqib edir. Bir az getdikdən sonra məlum olur ki, yol boyu gördüyümüz tikanlı məftil səddi illərdir talan edilən qızıl mədədninin qoruq ərazisidir.


Gördüklərim, ən çox isə bulağın quruması nədənsə məni daha çox düşündürür. Babamdan eşitdiyim “İnsan nəfəsi olan yerdə ruzi də olur. Amma gərək haram qatmayasan” dərin sözləri məni ağuşuna alıb. Gözüm yol boyu gördüyüm mənzərələrə dikilsə də, beynimdə tamamilə bulağın indiki durumuna köklənmişəm. Gəldiyim qənaət budur ki, ermənilərin haram əli dəyib, murdar ayaqlarının səsi gələn yerdə bulağın quruması təəccüblü deyil. Deməli, günahsız insanların qanı axıdılan və ana-bacıların göz yaşları ilə yoğrulan bu torpaqda su belə erməni üzünə quruyub.

Dağların qoynu ilə irəlilədikcə qarşı dağlara və iki dağ arası ilə uzanan dərəyə baxıram. Arada bir maşını saxlayıb təbiətin bu gözəl mənzərəsini seyr edirik. Burada, dağların arası ilə uzanan dərin dərəyə ilin bütün fəsillərində duman çökür, yol dağlara sarı qalxdıqca ağappaq qatı duman ayaqlarımızın altına sərilir. Təbiətin bizi bu cür qarşılamasına sevinirəm. Çünki duman, çən bu yerlərin yaraşığıdır.


Keçdiyimiz hər bir yerdə Azərbaycan ordusunun “əl işləri”nin yaratdığı mənzərəni görürük. Gedəcəyim məkana yaxınlaşdıqca ürəyimin döyüntüsü daha da artır. Səbirsizliklə anadan olduğum və 19 yaşında tərk etmək məcburiyyərində qaldığım doğma kəndim Baş Güneyə çatmağa tələsirəm. Bir neçə saat öncə tələsməyimi büruzə verməsəm də, indi özümə hakim ola bilmirəm. Nəhayət Ağdərə-Xankəndi yolundan sağa ayrılan və sel sularının yararsız hala saldığı Baş Güney kəndinə doğru qalxırıq.



Kəndə doğru qalxdıqca heç bir zaman yaşamadığım qəribə hisslər keçirirəm. Ürəyimin çırpıntısı sürətlənir. Özümü nə qədər saxlamaq istəsəm də alınmır. Həmkarlarıma bunu hiss etdirməməyə çalışıram. Gah pəncərədən çölə baxır, gah nəsə soruşurmuş kimi jest edirəm. Amma nə etsəm də özümə hakimliyimi itirdiyimi görürəm. Beləcə, çoxdan işləməyən yolla irəliləyib kəndə daxil oluruq.


Kəndin mərkəzindəyik. Birinci Qarabağ müharibəsində ermənilərin Baş Güney uğrunda gedən döyüşlərdə xeyli itki verməsi hamıya məlumdur. Kənd cammatı köməksiz qalsalar da, bütün əzmləri ilə düşmənə müqavimət göstəriblər. Bir vaxtlar abad, səsli-küylü bu yaşayış məkanını düşmən viranəyə çevirib. İlk olaraq kəndin qəbristanlığı olan yerə baxıram. Məzarlıqdan əsər-əlamət yoxdur. Əslində bu mənzərənin burda verdikləri itkilərə görə qisas zəmnində yaratdıqlarını yaxşı başa düşürəm.


Ayağım torpağa dəyər-dəyməz doğulduğum, boya-başa çatdığım, ilk addımımı atdığım bu torpağın qoxusunu ciyərlərimə çəkirəm. Hələ də təsirindən çıxa bilmədiyim o hisslərlə diz çöküb kəndimin torpağını öpürəm. Başqa vaxt olsa bəlkə də əlimlə siləcəyim halda bu dəfə dodaqlarıma yapışan torpağı silmirəm. Dodaqlarıma yığışan torpağı damağıma sıxıram. İslandıqca ağzımda yayılan torpağı yeyməyə başlıyıram. Hiss etdiyim qəribə duyğularıma biri daha əlavə olunur. Torpaqdan olduqca qəribə və xoş bir ətir, qarışıq tam dadıram, “Vətən torpağı şirin olar” ifadəsinin məcazi mənada deyilmədiyinə əmin oluram. Bir də onu hiss edirəm ki, torpaq da insan kimidir.

Onun da tənhalığı, yalqızlığı olur. Sanki, ona soyuq olanda kimliyini gizlədir, tənhalığa çəkilir. Hiss edirəm ki, vətənim də bizim gəlişimizə sevinir. Göz yaşlarımı saxlaya bilmirəm. “Kişi ağlamaz” deyirlər. Amma hiss etdiyim bu sevinc duyğularına hıçqıraraq illərin acısını doğma torpağımla bölüşürəm. Kəndin mərkəzində bir az gəzdikdən sonra asta addımlarla üzü aşağı evimizə doğru gedirəm.


Qarış-qarış yaddaşımda qalan kəndimizdə indi labirinti xatırladan bir mənzərə yaranıb. Bütün yollar, cığırlar boyu bitən kollar yolu itirsə də sanki onlar da gəlişimizə sevinir. Keçdiyimiz yolda tikanlı kolları sağa-sola edib irəliləyirəm. Nədənsə əlimə və ayaqlarıma batan tikanlar heç ağrı hiss etdirmir. Axı necə olur deyə rast olduğum bu qəribəliklər məndə cavabsız suallar yaradır. Yollardan keçib getdikcə kəndimdə baharın ilk nəfəsini təkcə hiss etmir, həm də şahidi oluram. Artıq sərt soyuq olsa da, bəzi ağaclar çiçəkləyib. Baharın ilk müjdəçisi Nərgizgülü gözəl qoxusunu ətrafa yayıb. Sanki, doğmalarının hənirtisiylə cana gəldiyini deyərək canlandığını deyir bu ana torpaq.

İllərdir ayaq dəyməyən, kol-kos basmış çığırla düşüb evimizin qalıqlarını axtarıram. Mənə elə gəlir ki, o 31 il öncə bu yerlərdə qoyub getmiş olduğum gəncliyimi məsumluğumu, sakit və qayğısız günlərimi tapacağam.

Kövrəlirəm, göz yaşımla evimizin daşlarını isladıb, əllərimlə divarlara toxunub sakit halda sanki evimizin qalıqlarından incik halda “xoş gəlmisən” sözünü eçidəcəyim bir səsi gözləyirəm.

Susuram, səssizcə evimizin viran qoyulan mənzərəsinə baxıram. Düşünürəm, bəlkə danışaraq 32 il ürəyimdə qalan qubar, kədər və nisgili ata bilərəm.


Amma nə fayda nə evimizin qalqlarından səs çıxır, nə də mən ona sarılmaqdan doymuram. Beləcə bir müddət keçir, həmkarlarımın səsi məni xəyallarımdan ayırır. İstəməsəm də, ordan ayrılmalı oluram. Evimizin kandarında bitən fındığın bir körpə fidanını da çıxarıb özümlə götürürəm. Yamacla üzü yuxarı qalxıram. Bir neçə yüz metrdən sonra artıq evimiz görünməyəcək. Dönüb-dönüb geri baxıram. Düz 32 il əvvəl çıxanda baxdığım kimi. Amma bu dəfə evimizi tarimar olsa da qəmgin görmürəm. Elə bil ki, o da bu gəlişimdən xoşhal olub. 32 il öncəki hisslərlə müqayisədə bu dəfə əlimi havaya qaldırıb evimizə ucadan səslənirəm “Darıxma, gələcəyəm, həm də ən qısa zamanda. Özü də tək yox, daha səni yalqız və məsum qoymayacam. Sənə nəvə-nəticə ilə yeni nəfəs, yeni sima, yeni yaşam gətirəcəm”.

Geri çönürəm, keçirdiyim hissləri bir neçə addım kənarda duran həmkarlarımın göz yaşlarıyla izlədiklərini görürəm. Məni təsəlli etmək üçün “Bir daha gözün aydın qardaş. Nələr yaşadığını indi daha yaxşı bilirik” deyirlər.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdərə   Baş-Güney  


Bizi "telegram"da izləyin